Stress

Stres orqanizmin ümumi gərginlik vəziyyətidir. Uzun müddət davam etdikdə həyat keyfiyyətinin və məhsuldarlığın azalmasına, mütəmadi hal aldıqda isə fizioloji və psixoloji baxımdan insana təsir edir, xəstəliklərin yaranmasına səbəb olur. Psixoloji ədəbiyyatda gərginliyin fəsad yaradan səviyyəsi distres adlanır. Yeni işə girmə, yaşanılan travmalar, yaxın insanların sağlamlıq problemləri və ya itkiləri, içki və maddə istifadəsi, iş yükünün və stres faktorların çox olması ilə əlaqədar mütəmadi yaşanan gərginlik distresə səbəb olan amillərdəndir. Yuxu rejimindəki kəskin dəyişkənlik, motivasiya çatışmazlığı, iştah pozuntusu, baş ağrıları, sosial mühitlərdən qaçınma, asılılıqların yaranması kimi əlamətləri vardır. Fərdi olaraq tez təsirlənmə və özünü idarə etmək qabiliyyəti, stres reaksiyalarının ortaya çıxması və ağırlığına böyük təsir göstərir. Qıcıqlandırıcıları tam qavrama, düşünmə və diqqəti yönəltmə imkanları daralır.