Depressiya

Depressiya düşüncə, emosiya, və davranışlarımıza neqativ təsir göstərən, geniş yayılmış, amma müalicə oluna bilən xəstəlikdir. Daha çox əhvalın aşağı enməsi, işgüzarlıq və enerjidə azalma müşahidə olunur. Həmçinin sevinmək, həzz almaq, maraq, diqqəti cəmləşdirmək kimi xüsusiyyətlərdə də  azalmaya rast gəlinir. Cüzi bir iş gördükdə kəskin yorulma baş verir, yuxu pozulur və iştah azalır. Hətta yüngül formasında belə “özünü qiymətləndirmə” və özünəinam azalır, insanı “özünün günahkar və faydasız olması” fikirləri narahat edir. İnsanı həvəsləndirən, ruhlandıran ətraf amillərə maraq itir, kəskin nəzərə çarpan psixomotor tormozlanma baş verir, şəraitdən asılı olmayaraq, əhval günbəgün çox cüzi dəyişkənliklə aşağı düşür və bu hal somatik əlamətlərlə müşahidə olunur. Həyəcanlılıq, iştahın itməsi, arıqlama və cinsi meylin zəifləməsi də əlamətlərə aiddir. Təzahür olunan əlamətlərin sayından və ağırlıq dərəcəsindən asılı olaraq «depressiv epizod» yüngül, orta və ağır səviyyəli ola bilir.