Daun sindromu

Daun sindromu xromosom anomaliyasıdır, müalicə edilməli bir xəstəlik deyil, genetik fərqlilikdir. Daun sindromlu uşaqlar yaşıdlarından bəzi fiziki göstəricilərinə görə fərqlənirlər. Eləcə də, bəzi istisnalar olmaqla çox zaman yaşıdlarından daha yavaş böyüyürlər  və zehni inkişafları geri qalır. Hər uşaq kimi daun sindromlu uşaqlar da fərqli zəka imkanlarına, bacarıq və xüsusiyyətlərə sahibdir. Burada həlledici məqam uşağın imkanlarını maksimum istifadə edə bilməsi üçün zamanında və doğru dəstəyi almasıdır. Əvvəllər “oxuya, məktəbə gedə bilməz” deyilsə də, bu gün düzgün təlim proqramı, fizioterapiya, alternatif terapiyalar dəyərləndirilir və daun sindromlu uşaqlar imkanlarına uyğun sahəni müəyyən etməklə və düzgün pedaqoji yanaşma sayəsində məktəb, hətta ali məktəb belə bitirərək işləyib, müstəqil şəkildə heç kəsdən asılı olmadan həyatlarını davam etdirə bilirlər.