Ailə cəmiyyətimiz üçün sədaqət, bağlılıq, sevgi və hörmətə həssaslıq ilə fərqlənir. Bu fərqliliyin qorunması üçün ailədaxili münasibətlərin sağlam qurulması önəmlidir. Təbii ki, ailədaxili münasibətlərin enişli-çıxışlı olması qaçınılmazdır. Sadəcə münaqişəli ailələrdə deyil, xoşbəxt ailələrdə də bəzən maddi və mənəvi problemlər yaşanır və bu, ailədaxili münasibətlərə öz təsirini göstərir. Güclü ailədaxili münasibətlərin həyat eşqinə böyük təsiri var. Bəzən hadisələri şərh etməkdə səhvlərə yol vermək, tənqid etmək, zorla fikrini qəbul etdirmək, qəliblər yaradaraq onlara uyğun davranılmasını tələb etmək, ailə üzvləri ilə zaman keçirməmək kimi hallara yol verərək ailədaxili münasibətlərin pisləşməsinə zəmin yaratmış oluruq. Eləcə də, empatiya qurmaq, “biz dili” ilə danışmaq, birlikdə zaman keçirmək, dinləmək kimi insana xas pozitiv xüsusiyyətlərdən istifadə edərək, əsəbin olmadığı, bütün fərdlərin bir-birinə hörmətlə yanaşdığı və düşüncələrinə anlayış göstərdiyi, fərqindəliyin daha çox olduğu daha sağlam ailədaxili münasibətlər qurmaq mümkündür. Ailədaxili münasibətlərdə yaşanan problemlərin öhdəsindən gəlmək üçün mütəxəssis dəstəyi almaq da effektli nəticələr verir.