Sosial fobiya

Sosial situasiyalardan qaçmağa gətirib çıxaran qorxu halıdır. Bu hal diqqət mərkəzində olmaq təşvişinin nəticəsidir. Əksər hallarda aşağı səviyyəli, qeyri-adekvat özünü qiymətləndirmə və tənqid olunmaqdan həsdiz qorxma səbəbiylə yarana bilir. Üzün qızarması, əllərin əsməsi, ürək bulanması, tez-tez tualetə getmə hallarıyla üzə çıxır. Bir çox hallarda insanlar bu, ikinci dərəcəli əlamətləri aradan qaldırmağa çalışırlar. Lakin səmərəsiz nəticə alırlar. Çünki təşvişi doğuran sosial xarakterli məzmun işlənmədən qalır. Ən ağır hallarında panika tutmaları şəklində də üzə çıxa bilir. Son zamanlar təhsil prosesinin yazılı formatının üstünlüyü ilə əlaqədar olaraq gənclərdə tez-tez rast gəlinməyə başlanıb. Sosial fobiya yeni insanlarla tanış olmağa, yad mühitlərə daxil olmağa maneçilik törədir. Mədəni inkişaf üçün lazımi olan cəsarətliliyin qarşısını alaraq həyat keyfiyyətini olduqca aşağı salır.