Adaptasiya pozuntuları (Bütün xarakter problemləri)

Həyatda mühüm dəyişikliklərə, stres hadisələrinə uyğunlaşma (adaptasiya) periodunda yaranan, ictimai fəaliyyət və hərəkətlərə çətinlik törədən subyektiv distres və emosional pozuntu halıdır. Ağır itki, ayrılıq, yaxud miqrasiya, məcburi köçkün statusu, şəxsi məqsədə çatmaqda müvəffəqiyyətsizlik, iş yerini dəyişmə və ya işdən çıxma kimi həyati dəyişiklik və dönüşlərin məzmunu ilə bağlı yaranan psixoloji çətinliklər. Bu halın əlamətlərinə mədəni şok, fəsadlaşmış hüzün, himayəsiz qalmış uşaqlarda hospitalizm (təməl təhlükəsizlik və bağlanma tələbatının ödənməməsi nəticəsində körpənin sağlamlığında yaranan ağır problemlər), tənhalıq kimi halları göstərə bilərik. 

Adaptasiya pozuntularının insanın xarakter xüsusiyyətləri və dəyərlər sistemindəki disharmoniyalarla əlaqəsi olduqca böyükdür. Şəxsiyyətin həyati situasiyalara, sosial və işgüzar mühitlərə uyğunlaşması, müvəffəqiyyət qazanması, sosial, etnik və digər əhəmiyyət kəsb edən qruplara üzv olub, aidlik hissi yaşayaraq öz mövcudluğunu gerçəkləşdirməsində effektiv ünsiyyət bacarıqları, münaqişələri idarə etmə və münasibətlər qurmaq üçün effektiv xarakter keyfiyyətlərinin ahəngi olduqca önəmlidir. Bəzi hallarda, yeniyetməlik və gənclik yaşlarında, xüsusilə rol keçidləri ilə bağlı; işə yeni başlama, yaşayış yerini dəyişmə, ailə qurma, boşanma və s. hallarında adaptasiya problemləri tez-tez rast gəlinir.