Qidalanma ilə bağlı xəstəliklər müxtəlif səbəblərdən ola bilir. Burada həzm sisteminin və mərkəzi sinir sisteminin patologiyalarını istisna etmək üçün həkim müayinəsi tövsiyə olunur. Habelə, laborator müayinələrdən keçməklə orqanizmin vəziyyəti haqqında təməl məlumatları əldə etmək olduqca vacibdir.
Bunlarla yanaşı, psixoloji səbəblərdən yaranan bir neçə qidalanma problemlərini ayırd edə bilirik.
Sinir anoreksiyası – insanın qəsdən bədən çəkisini azaltmaq və bu şəkildə saxlamaq üçün sağlam olmayan bəzi davranışlar göstərməsi deməkdir. Əksər hallarda yeniyetmə yaşlı qızlar və cavan qadınlarda müşahidə olunur. Lakin yeniyetmə oğlanlar, cavan kişilər, həmçinin uşaqlar (pubertat dövrə yaxınlaşan) və yaşlı qadınlar (menopauza başlanmasına qədər) bu pozuntuya cəlb oluna bilərlər. Anoreksiya zamanı endokrin və mübadilə pozuntuları da müşahidə olunur. Əlamətlərə məhdudlaşdırılmış pəhriz, həddən artıq fiziki gərginlik, qusma, törədici, işlədici və sidik qovucu preparatların, həmçinin iştah azaldan preparatların qəbulu daxildir.
Sinir bulimiyası – Hədsiz çox yemək yeyib, bədən çəkisini nəzarətdə saxlaya bilməmək qorxusu ilə meydana çıxan təşviş və davranış pozuntularıdır. Çox vaxt kontrolsuz yedikdən sonra qusmanı süni şəkildə törətməklə və ya işlədici preparatlardan istifadə etməklə qəbul edilmiş qidanın tam həzm olunub çəkinin artmasının qarşısını almağa çalışırlar. Təkrarlanan qusmalar elektrolit balansının pozulmasına və somatik ağırlaşmalara səbəb olur. Bir çox hallarda bir pasiyentdə həm bulimiya, həm də anoreksiyaya rast gəlinir.