OKP

Obsessiv-kompulsiv pozuntu kimi adlandırılan psixi pozuntu fikir və davranışlarda meydana çıxan bir sıra əlamətlərlə səciyyələnir. Obsessiyalara stereotip şəkildə təkrar-təkrar ağla gələn ideyalar, obrazlar, qorxular və ya arzuları aid etmək olar. Onlar demək olar ki, həmişə kədərləndiricidir. Kompulsiyalar dedikdə isə həmin fikir, obraz, qorxu və ya arzulardan xilas olmaq üçün rituallar şəklində stereotipik formada təkrarlanan hərəkətlər nəzərdə tutulur. Lakin xilas olmanın tam əksinə, bu hərəkətlər insana və ya digər şəxslərə zərər yetirə biləcək dərəcədə kəskin hala keçir. Həm də insan özü çox hallarda bu hərəkətləri mənasız və effektsiz hesab edir. Daimi davam edən orta və ya yüksək səviyyəli təşviş xarakterikdir. OKP mədəniyyətimizdəki özləlliklərimizlə bağlı olaraq, bəzən nəzərdən qaçan, hətta müsbət qiymətləndirilən “təmizkarlıq”, “səliqəlilik”, “vasvasılıq” kimi xüsusiyyətlərlə eyniləşdirilərək illərlə davam edə bilir. Lakin həmin əlamətləri olan insanın keçirdiyi psixi gərginlik onun həyat keyfiyyətini aşağı salır.