Dostunuzun yalan danışmasına necə mane ola bilərsiniz?

Başqaları ilə gündəlik münasibətlərinin bir hissəsi olaraq yalan danışan insanlar, əxlaqi cəhətdən yanlış olduğunu bildikləri bu davranışı haqlı çıxarmaq üçün müxtəlif bəhanələr irəli sürə bilərlər. Bunlar, kiçik çəhrayı yalanlardan tutmuş, onlara maddi qazanc və digər üstünlüklər gətirəcək yalanlara qədər dəyişə bilər. Bu həyat tərzinə adaptasiya olmuş insanlar, öz dürüstlüklərini qoruyub saxlamaq üçün xeyli mübarizədən keçməlidirlər.

Məsələn, evdən gördüyü işin saatını yalandan artıraraq, buna öz rəhbərini inandıran və bu davranışı ilə öyünən bir dostunuz ola bilər. Bəlkə də bu insan, aldığı geyimləri də istifadə etdikdən sonra geri qaytarıb, ödədiyi məbləği satıcılardan sevinclə geri alır. Şəxsi münasibətlərinizdə bu cür insanlarla problem yaşamaya bilərsiniz, onların ailə həyatları da sizə normal görünə bilər. Etdikləri saxtakarlıq situasiyadan asılı olaraq dəyişə bilər, amma bu yenə də narahatlıq doğurur. Saxtakarlıqlarından birini sizə etmək qərarına gəlsə onda necə olacaq? Mövzunu bir addım daha irəli aparsaq, saxtakar bir insanın yalanına ortaq olmaq sizə özünüzü necə hiss etdirir?

Əxlaqi mənlik anlayışı və yalan söyləmək davranışı

Sidney Universitetindən Demetris Christodoulou və həmkarlarının (2022) hazırladığı yeni məqaləyə əsasən, insanların dürüstlükdən kənar olan davranışları necə rasionallaşdırdıqları problemi "əxlaqi mənlik imici" baxımından nəzərdən keçirilə bilər. Davranışlar mənlik imicinə uyğun gəlmədikdə, belə insanların özlərini dürüst olaraq görməsi praktiki olaraq mümkün deyil. Amma, Christodoulou və həmkarları, dürüst olmağın yararları və bununla bağlı psixoloji məqamlara toxunarkən, yalançı insanların da öz yanlış davranışlarını haqlı çıxarmaq üçün bir sıra özlərinə xas strategiyalar tətbiq etməyə meylli olduqları qənaətinə gəldilər.

Əvvəlki araşdırmalar, insanların situasiyaya uyğun yalan danışmaqdan, daha ümumiləşdirilmiş aldatma modellərinə tərəf meyl etdiyini irəli sürür. Danışdığı hər yalanda fərd, “etik dissonansı” azaltmaq üçün öz davranışını neytrallaşdırır. Yalan danışmağın etik dəyəri azalır və yalançının vicdan əzabı çəkmədən yalan danışması rahatlaşır.

Yalançını dürüst bir insana çevirmək

Christodoulou və həmkarları əsasən sığorta şirkətlərində baş verən fırıldaqçılığı araşdırıblar. Onlar xüsusilə siqaret çəkən insanların saxtakarlıq cəhdlərini müşahidə ediblər, belə ki, həmin insanlar müraciət etdikləri hər yeni sığorta sözləşməsini daha aşağı qiymətə almağa çalışırlar. Yeni sözləşmənin qiyməti, onları statistik olaraq daha çox risk altında qoyan amillərlə müəyyən edilir. Buna görə də, siqaret çəkənlər zərərli vərdişlərini gizlətməyə meyl göstərirlər.

Sığorta məsələləri ilə bağlı vəziyyət, müəlliflər tərəfindən “yüksək dərəcədə məlumat assimmetriyası” adlandırılır. Onlar iddia edirlər ki, saxtakarlıq “rasional qərar”dır, lakin “insanlar dürüstlükdən kənar bir şəkildə davrandıqları zaman yarana biləcək psixoloji ağırlıqdan” qaçmaq üçün həqiqəti söyləməklə “iqtisadi cəhətdən irrasional olan davranış”a əl atırlar. Amma, heç də hamı özü üçün vicdani rahatlıq axtarışında deyil. Sağlamlıqları ilə bağlı yalan informasiya verərək prosedurdan canını qurtaranların yalan deməsinə mane ola biləcək çox az şey var.

Yalan danışan insanları dəyişimə sövq etmək və onların əxlaqi imiclərinin qazanc istəklərinə qalib gəlməsinə zəmin yaratmaq üçün, U. Sidney komandası sığorta prosesinin dəyərləndirmə mərhələsində 2500 müraciətçini əhatə edən və təlimatlarında manipulyativ metodlardan istifadə etdikləri bir sahə eksperimenti həyata keçirdilər. Bu eksperimentin məqsədi, müraciətçilərin təlimata reaksiya olaraq siqaret çəkməklə bağlı olan cavablarını dəyişib-dəyişməyəcəklərini müşahidə etmək idi.

İlk olaraq, müəlliflər “Nəticələri zəiflətmə” (CA) və ya yalanın heç bir mənfi təsiri olmayacağını müraciətçilərə göstərmə tendensiyasını irəli sürdülər. “Bu onları niyə maraqlandırsın? Onların bunu ödəməyə yetəcək qədər pulları var” kimi xüsusi səbəblər irəli sürdülər. Tədqiqat qrupu, CA-nin öhtəsindən gəlmək üçün, müraciətçinin saxtakarlığının digər istehlakçıların əlavə gəlirlərini artıra biləcəyinə işarə edən təlimatlar əlavə etdi. Bu halda siqaret çəkən insanlar, öz yalanlarının iqtisadi cəhətdən irrasional olsa belə, dürüst davranan həmyaşıdlarına zərər verə biləcəyi fikri ilə mübarizə aparmalı oldular.

Christodoulou və həmkarlarının iddiasına görə insanların sığorta şirkətlərinə yalan danışmasının ikinci səbəbi, həmin şirkətləri acgöz, həddindən artıq bahalı və müştərilərdən çox öz xeyirlərini güdən hesab etmələridir. Buna görə tədqiqatçılar, bu dəfə sığorta şirkətini qurban modelinə uyğunlaşdırmaqla (VD), onun yaxşı işlərini vurğulayan təlimatlar daxil etdilər. “Ətraf mühitə kömək etməklə, həssas insanlara qayğı göstərməklə cəmiyyətimizi yaxşılaşdırmağa çalışan" xoş niyyətli və xeyriyyəçi bir şirkəti necə aldatmaq olar?

Tədqiqatdan əldə olunanlara əsasən, müəlliflər, müraciətçilərdən neçəsinin təlimatdakı manipulyasiya üsuluna əsaslanaraq siqaret çəkməklə bağlı həqiqəti etiraf etdiyini görmək üçün iki mərhələli qeydiyyat prosesindəki “təftiş” nəticələrini müqayisə etdilər. Normal halda nəticə 2.97% idi, lakin CA tipli manipulyativ təlimatda bu 3.77%-ə yüksəldi, VD təlimatında isə daha yüksək 4.35% oldu. Məlum oldu ki, yalnız VD tipli manipulyativ metod önəmli dərəcədə effektiv oldu.

Öz həyatınızdakı yalançıları dəyişdirmək

Dostunuzun yalanları qarşılıqlı münasibətlərinizə təsir etməzdən əvvəl, etməli olduğunuz şey onun əxlaqi imici ilə işləmək ola bilər. Əksinə, əgər günahkar sizsinizsə, yenidən işə salınmalı olan şey özünüzdəki dürüstlük duyğusudur. Avstraliya tədqiqatı bu məqsədlərdən hər ikisinə necə nail olacağınıza kömək ola bilər.

İlk olaraq, yalançının, saxtakarlığa məruz qalanları adsız və simasız olaraq görmək yerinə, kimin zərər çəkdiyinə dair daha aydın bir təsəvvürə ehtiyacı vardır. Məsələn, işlədilmiş məhsulu qaytarıb əvəzində pulu geri alan dostunuzun, bu hilənin nəticəsində artıq istifadəyə yararsız olan məhsulu açan digər tərəfdəki satıcının vəziyyətini təsəvvür etməsi vacibdir.

Rəhbərə qarşı aldatma ilə bağlı vəziyyətdə isə, aldadıcı davranışın onlara təsiri daha da aydın olmalıdır. Yalandan zərər çəkə biləcək şəxsləri təsəvvür etməkdən başqa, VD manipulyasiyasının nəticələrində göstərildiyi kimi, qurbanlar haqqındakı düşüncələri yenidən çərçivələndirmək önəmlidir.

Ümumiləşdirsək, sabit sistemlə oynamağa çalışanlarda əxlaq və dürüstlük duyğuları geri aşılamaq çətin ola bilər. Bununla belə, Christodoulou və həmkarlarının cəhdləri bizə dürüstlüyə nail olmaq üçün cığır açır.


Mənbə:
https://www.psychologytoday.com/