Ailə üçün zəruri olan ehtiyaclar və onların qarşılanmasının əhəmiyyəti:  

1) Dəyərli olma hissi. Ailə üzvlərinin bir-birilə münasibəti uşaqlarda “mən dəyərliyəm”, ya da “dəyərsizəm” hissini yaradır. Ailə uşaqların bu ehtiyacını ödəmədikdə uşaqlar hər cür davranışla “dəyərli” olduğunu hissi etməyə çalışır. Misal üçün, yeniyetməlik yaşında olan oğlan uşaqlarının müxtəlif qruplar yaradaraq, təhlükəli hadisələr törətmələri, onlara önəmli olduqlarını hiss etdirməyən ailələrinə qarşı bir reaksiya olaraq şərh edilə bilər. “Mən dəyərliyəm” hissini ailəsində yaşayan uşaqlar özünü sübut etmək üçün bu şəkildə davranma ehtiyacı hiss etmirlər.

 

2) Güvən hissi. Ailə daxilində təhlükəsizlikdə olduğuna və çöldə baş verənlərin ailəyə təsir etməyəcəyinə olan əminlikdir. Əgər, ailədə güvənli mühüt yoxdursa, ailə üzvləri daha güvənli bir mühüt axtarırlar. Misal üçün uşaqlar ana və atalarının yanında özlərini güvəndə hiss etmədikdə onu dayı, xala, baba və digər şəxslərdə axtarırlar. Qadın kişidən güvən hiss etmirsə, bu ehtiyaca qarşılıq verən başqa birisinə yönəlir və ya kişi qadının yanında güvən hiss etmirsə, bu duyğunu hiss etdirən başqa qadın ona daha cəlbedici gəlməyə başlayır.

3) Yaxınlıq və birlik duyğusu. Ailə üzvlərinin birlik olması ailənin təməl ehtiyaclarından biridir. Ailə daxilində qarşılıqlı güvən və dayanışma varsa, fərdin qarşılaşdığı stres yaradan istənilən hadisənin təsiri zəif olur. Güvənin hakim olduğu ailədə böyüyən uşaq ailə xaricində yaşadığı istənilən hadisənin təsirindən, qayğı və kədərindən öz ailəsinə rahatlıqla sığına bilir.   

Birlik və güvənin hakim olduğu ailələrdə böyüyən uşaqlar, bu birliyi və güvəni digər insanlarla olan münasibətlərində də göstərirlər. Əksinə, güvənin olmadığı ailədə böyüyən uşaqlar özləri də daxil olmaqla heç kəsə inanmırlar, heç kimlə birlik ola bilmirlər. Güvənsizlik o qədər dərin olur ki, özlərinə belə güvənmirlər. Bu insanların dünya haqqında təsəvvürləri belədir ki, “hər an nəsə dəyişə bilər, heç kim digəri ilə birlik ola bilməz, hər kəs bir-birindən istifadə etməyə çalışır”.  

4)Məsuliyyət hissi. Ailədə yalnız ana və ata deyil, hərkəs məsuliyyəti paylaşmalıdır. Uşaqlara öz yaşlarına uyğun məsuliyyətlər verilməli və bu məsuliyyətlə ailədaxili davranışları formalaşdırılmalıdır. Evdəki bütün məsuliyyəti öz üzərinə götürüb, uşaqlarını azad edən valideynlər öz həyatını şəkilləndirməkdən aciz olan, mütəmadi şəkildə başqalarının idarəsində olmağa meyilli olan insan böyüdürlər. Eləcə də, bu uşaq həyatında baş verən hadisələrin məsuliyyətini özündə deyil, başqalarında görür. Valideynlər inkişaf xüsusiyyətlərinə uyğun şəkildə uşaqlara öz yataqlarını yığışdırma, otaqlarını təmizləmə, ev işlərinə kömək etmə kimi öhdəliklər verərək, öz həyatından məsuliyyətli olmağı öyrətməlidir.  

5)Çətinliklərlə mübarizə apararaq öhdəsindən gəlməyi öyrənmə. Uşağa hər şey hazır verilməməlidir. Məsuliyyətlə bağlı deyilənlər uşaqların çətinliklərlə mübarizə aparmasında da keçərlidir. Uşağı inkişaf xüsusiyyətlərinə uyğun çətinliklərlə qarşı-qarşıya qoyulması özünə güvənən, problem həll etmə bacarıqları inkişaf etmiş insan olaraq böyüməsinə şərait yaradır. Hər çətinlikdə uşağına kömək edən ana və ata gələcəkdə başqalarından kömək gözləyəcək, öz bacarıq və qabiliyyətlərinə güvənməyəcək insanlar böyüdür.

6)Xoşbəxtlik və özünü reallaşdırma mühiti. Ailədəki mühüt ailə üzvlərini xöşbəxt hiss etdirməlidir. İndiyədək vurğuladığımız ehtiyaclar qarşılandıqda uşaq öz ailəsində özünü o qədər xöşbəxt hiss edir ki, bu hissi başqa mühütdə axtarmır. Uşaqlar ana və atalarını dünyanın ən önəmli və qüdrətli insanları olaraq görürlər. Valideynləri tərəfindən olduğu kimi qəbul edilmək, dəstəklənmək, sevilmək uşaqları xöşbəxt hiss etdirir. Xöşbəxt ailə mühütündə böyüyən uşaqlar, başlarına gələn hadisələrin əksəriyyətində xöşbəxt hiss etməyin bir yolunu tapırlar. Xöşbəxt olmayan ailənin övladlarını isə xöşbəxt hiss etdirəcək hadisələrin sayı çox az olur.  

7)Sağlam mənəviyyatın təməllərini formalaşdıran mühit. Mənəvi həyat dünyanı anlamlı şəkildə bütünləşdirməkdir. Fanatik qaydaların hakim olduğu ailədə böyüyən uşaq, öz həyatını zənginləşdirmək, daxili və xarici dünyanı araşdırıb kəşf etmək əvəzinə kor-koranə itaəti, öz düşüncə və duyğularından utanmağı öyrənəcək.

Dünyanın bütün olduğunu, bütünün içində olan hər hadisə və insanın özünəməxsus, bənzərsiz bir yerinin olmasını, bu səbəblə ailədəki hər fərdin öz düşüncə və duyğularının olmasını qəbul etməyi bacarmaq mənəvi azadlığın təməlidir. Bu cür bir təməl uşaqlarda gözəl bir dünya görüşü inkişaf etdirir. Sağlam mənəvi azadlıq ailənin uşaqlarına verəcəyi ən gözəl ərməğandır. Sağlam mənəvi təməli olan insanlar gülər üzlü, sevgi dolu olur və insanlara olduğu qədər təbiətə də hörmət edərək yaşayırlar.

Qısa desək ailə bir sistemdir, ailədəki hər insan bu sistemin parçasıdır və hər kəs öz üzərinə rol(lar)unun məsuliyyətini götürərək, sistemin işləməsini təmin edir. Bu sistem və içindəki rol özünəməxus bir şəxsiyyət formalaşdırır. Qeyd edilən təməl ehtiyacların ödəndiyi ailədə uşaqlar sağlam böyüyür.

 

Mənbə: Doğan Cüceloğlu “İçimizdeki çocuk”

Hazırladı: Psixoloq Zümrüd Əkbərova