Müasir dövrün qoyduğu tələblər cəmiyyətin hər bir üzvünü uğur qazanmağa, həyatda ayıq baxışlarla, əmin addımlarla irəliləməyə zərurət yaradır.  Erkən yaşlardan dünya görüşünün, həyati bacarıq və vərdişlərin inkişaf etdirilməsi, hobbi və məşğuıliyyətlərin zəngin olması, maraqların rəngarəngliyi, aydın məqsədlərin və hədəflərinin olması – uğurlu insanların ən bariz xüsusiyyətlərindəndir.

    Həyatın məşğuliyyətini təyin edərkən stressli, gərgin və eyni zamanda ən həyəcanlı və oyanıq yaşda olan abituriyentlər nəzərə almalıdırlar ki, bu seçim onların sonrakı illərinə təsirini göstərəcəkdir. Əslində, sevdiyi və yaxşı bələd olduğu ixtisası seçdiyinizdə belə bilməlisiniz ki, böhranlar olacaq, ixtisasınızı dərindən öyrənmək üçün daim axtarışda və fəal olmalısınız, bəzən həvəsdən düşə bilərsiniz, bəzən isə özünüzə inamınız sizi xoşbəxt edəcəkdir. Ancaq bu yol heç də hamar deyildir. Lakin bütün bunlardan qabaq ən önəmlisi odur ki, siz hansı yola çıxacağınıza bilməlisiniz. Hər bir dövrün ən dəbli peşələri olur, bəzi ixtisaslar isə heç vaxt dəbdən düşmür, bir başqaları valideynlərinizin arzusu, nəsihətidir, sevimli müəllimlərinizin ixtisaslarını da ən yaxşı hesab edə bilərsiniz. Xalqımızın müdrik kəlamında “məsləhətli don gen olar” desə də, siz ki, bilirsiniz ki, “don” birinci növbədə sizin ölçünüzdə olmalıdır. XXI əsrin ən parlaq yanaşmalarından biri olan pozitiv psixologiyanın banilərindən Martin Seligman deyir ki, insan zəif tərəflərini axtarıb tapmağa çalışmaqdansa, onları düzəltməyə can atmaqdansa, güclü tərəflərini aşkar etməli, bu işlərdə praktik nəticələr, uğurlar qazanmalıdır. Güclü tərəflərimizin müəyyənləşməsində ən vacib sual budur: “Həyatda məni ən çox nə həyəcanlandırır?”. Pozitiv psixoloqlar qeyd edirlər ki, bizi həyəcanlandıran, maraqlandıran, sevinc və coşğu hissi verən məşğuliyyətlərə cəhd etməli və günbəgün yeni; daha çətin bacarıqlar qazanmaqla bu sahədəki özünə inamı yüksəltmiş oluruq. Məsələn texniki fənlərlə məşğul olmağı sevirsiniz, riyazi məsələləri, fizika və ya kimya laborator tapşırıqlarını keçirməyi xoşlayırsınız; yaxud bədii əsərlər barədə düşünməyi, müzakirə etməyi, yeni obrazlar və ya hekayələr uydurmağı sevirsiniz; xırda əşyalar düzəldirsiniz, musiqinin harmoniyasına, ritminə qulaq verirsiniz, tanımadığınız insanlarla ünsiyyəti rahat qurursunuz, ən ümumi proseslərlə maraqlanırsınız və s... Əziz dostlar, bilməlisiniz ki, maraqlar və bacarıqlar üst – üstə düşdükdə bu, çox böyük imkandır.

      Əmin olun ki, insan qarşısına məqsəd qoyub ona doğru irəliləməyə çalışırsa, o, artıq qalibdir, zamanını idarə etdiyi üçün, həyata qarşı fəal mövqe tutduğu üçün və uğursuzluq qorxusuna qalib gəldiyi üçün. Hədəflər qoyub irəliləməkdən çəkinməyin, müvəffəqiyyətiniz bol olsun!


Səyyarə Yusubova
Klinik psixoloq