Valideynlər bağça, məktəb, idman aktivliklərinə təşviq etməkdən tutmuş dəyərlərinin formalaşdırılmasına qədər (yadda saxlayın, onlar siz dediyiniz kimi deyil, etdiyiniz kimi edirlər) uşaqlarının həyatına böyük təsir göstərirlər. Ancaq, uşaqlar məktəbə və sosial aktivliklərə başladıqdan sonra onların həyatına təsir edən tək valideynləri olmur.

Əksər valideynlər uşaqlarına ən yaxşı başlanğıcı vermək üçün çalışırlar və bu çətin prosesdə valideynlərin uşaqlarının dünyaya özünəməxsus temperamentləri ilə gəldiyini, öz şəxsiyyətlərinin və məqsədlərinin olduğunu qəbul etməsi zəruridir. Valideynlər uşaqlarına müəyyən bir istiqamət vermək istəyir,  lakin valideynin əsl vəzifəsi uşağı tam müstəqil həyata hazırlayan və seçdiyi hər hansısa yolu izləmə bacarığı qazandıran dünya ilə uşaq arasında vasitəçilik etməkdir.

Sürətlə dəyişən dünyada valideynlik müxtəlif göstəriş və dəyişən stillər mövzusu olub və valideynlik rəqabətçi bir idman növü halına gəlib. Ancaq, uşağın elm tərəfindən müəyyən edilmiş ehtiyacları sabit və dəyişməzdir: təhlükəsizlik, sevgi, dəstək və sistemlilik.

 

Necə yaxşı valideyn olmaq olar?

Yaxşı valideyn olmaq üçün təkcə istismar, laqeydlik, hədsiz xoş davranmaq kimi hallardan qaçmaq kifayət etmir. Milli Elmlər Akademiyası (ABŞ) valideynlər üçün 4 əsas vəzifə müəyyən etmişdir: uşaqların sağlamlıq və güvənliyini qorumaq, emosional rifahlarını təmin etmək, sosial bacarıqlar aşılamaq və uşaqları intelektual olaraq hazırlamaq.

Bir çox tədqiqat nəticələri göstərir ki, istiliyi və həssaslığı açıq davranış gözləntiləri ilə birləşdirməyin yolunu tapmış valideynlər tərəfindən tərbiyə edilən uşaqlar yaxşı yetişdirilmiş uşaqlardır. Valideynlər uşaqları ilə seçdiyi tərbiyə tərzində onları olduğu kimi qəbul edib sevdiyini ifadə edən qayğı göstərməli, stabil mühütü dəstəkləyən tutarlılıq sərgiləməli, uşağa müstəqilliyini inkişaf etdirmək üçün seçimlər verməli, pozitiv və ya neqativ olmasından asılı olmayaraq seçimlərinin nəticələrini təcrübə etmə imkanı yaratmalıdır.

 

Sağlam olmayan uşaq böyütmə üsulları nələrdir?

Hər valideyn tərbiyə tərzi uşaq üçün faydalı olmur. Uşaqları böyüdərkən bir çox əksik tərəflər saxlayan, uşağını qarşılaşacağı çətinliklər və uğursuzluqlarla mübarizə apara bilməyəcək həddə çatdıran hədsiz qayğıkeş tərbiyə üsulundan istifadə edən valideynlər də var.

Uşağın sonrakı müstəqilliyinə, psixi sağlamlığına və özünə dəyərinə neqativ təsir edə bilən iki əsas tərbiyə nümunəsi var. Onlardan biri uşaqların həddindən çox izlənildiyi və zərər görməyəcək şəkildə qorunduğu “vertalyot valideynlik” (helicopter parenting) nümunəsi, digəri isə potensial əngəlləri, problemləri uşağın yolundan təmizləyən və onlarla qarşılaşma, mübarizə aparma imkanı yaratmayan “qar təmizləmə valideynliyi” nümunəsidir.

Eləcə də, valideynin iştirakının məhdud olduğu tərbiyə üsulu da var, hansı ki, tədqiqatların nəticələrinə görə uşağın tərbiyəsində valideyn aktivliyinin məhdudluğu uşaqları həmyaşıdlarının mədəniyyətinə meyl etməyə təşviq edir və çox hallarda pis davranışlar qazanması ilə nəticələnir.

Nəticədə, hər valideyn övladının müstəqilliyini, maraqlarını kəşf etməsi və uğursuzluqlar yaşaması üçün kifayət qədər imkan yaratmalı, uşağı ilə sevgi dolu və sağlam münasibətdə olmağa çalışmalıdır.

 

Hazırladı: Psixoloq Zümrüd Əkbərova