Uşaq beyninin onun həyatının ilk üç ili əzrində digər dövrlərə nisbətən daha çox inkişaf etdiyini bilirdinizmi? Bu çox mühüm inkişaf mərhələsidir! Xoş xəbər ondan ibarətdir ki, körpənin inkişafına dəstək olmağın ən uyğun yollarından biri əslində hər ikiniz üçün olduqca sadə və əyləncəlidir.
Adətən oyunlar yalnız əylənmək üçün nəzərdə tutulduğu kimi görünə bilər, lakin əslində, körpələr və uşaqlar üçün onun əhəmiyyəti qat-qat artıqdır. Əslində, problemləri həll etməkdən başlayaraq fikirləri ifadə etməyə qədər mühüm həyat bacarıqlarını öyrənmək və inkişaf etdirmək və hər ikiniz arasındakı əlaqəni gücləndirməkdən ibarətdir. Sözsüz ki, siz uşağınızın ilk müəllimi və oyun yoldaşısınız!
Qızınız qüllə tikərkən fiziki bacarıqlarını məşq edir.
Müxtəlif xırda əşyaların üst-üstə yığılması uşağa sensor-motor bacarıqlarını tətbiq etməklə və məkan anlayışını inkişaf etdirməklə hərəkəti və məkanı daha yaxşı başa düşməyə kömək edir. Bu kimi bacarıqlar dəsti sağlam, fəal bədən hərəkətləri üçün vacibdir. Körpənizin nə qurduğuna diqqət yetirərək, onun çıxardığı səslərə və üz ifadələrinə cavab verərək və növbə ilə qurduğu əşyaya hissələr əlavə edərək onunla əməkdaşlıq edin – birgə nə qədər hündür qüllə qura biləcəyinizi müşahidə edin!
Körpələr anlaşılmayan səslər çıxardıqda sosial bacarıqlar inkişaf etdirir.
Balacalar onlar üçün uyğun, lakin bizim üçün anlaşılmayan səslər, üz ifadələri və jestlər vasitəsilə qarşılıqlı əlaqə qurmağa çalışırlar. Körpənizə diqqət yetirməklə, hərəkətlərinə düzgün ad verməklə və baxış, səs və hərəkətlərinizi onun davranışına uyğunlaşdırmaqla verdiyiniz reaksiya onun beynində ünsiyyət və sosial bacarıqların inkişafını dəstəkləyən sinir əlaqələrinin qurulmasına və güclənməsinə kömək edir. Bu cür qarşılıqlı mübadilə sizinlə uşağınız arasındakı bağlılığı da gücləndirir.
Uşaqla birlikdə müxtəlif əşyalarla gizlənqaç oynadıqda onun idrak bacarıqlarını inkişaf etdirirsiniz.
Kiçik əşyaları gizlətmək və tapmaq kimi çətin (lakin əyləncəli!) oyun növü uşağınıza diqqəti, problemlərin həlli və çevik düşüncə tərzini öyrənməyə kömək edir. O, mürəkkəb tapşırıqların öhdəsindən gəlməyi və maneələri dəf etmək üçün effektiv strategiyalar qurmağı öyrənir. Əgər uşağınız hər hansı bir məqamda məyus görünürsə, faydalı məsləhətlər verin, lakin onun həllinə təkbaşına çatmasına dəstək olun.
O, oxuyanda və rəqs edəndə emosional bacarıqlar inkişaf etdirir.
Özünü dərk etmək və impulsları idarə etməklə emosiyaları anlamaq, idarə və ifadə etmək uşağınızın emosional inkişafı və ömür boyu rifahı üçün çox vacibdir. Oxumaq və rəqs etmək hissləri ifadə etmək və onları nümayiş etdirmək üçün ən münasib yoldur! Birlikdə oxuyaraq və ya rəqs edərək onu uşaqla bağlılığı gücləndirən bir fəaliyyətə çevirin.
O, təxəyyülündən istifadə etdikdə yaradıcı bacarıqlar inkişaf etdirir
Körpəniz oturub kağız üzərində öz təxəyyülündə yaratdığı dünyasını çəkəndə fikirlərini ifadə edir və onları reallığa çevirir. Bitirdikdən sonra yaratdığı dünya ilə sizi gəzdirməsini və gördüklərinizlə bağlı suallar verməsini xahiş edin.
Müsbət tərəfi odur ki, uşaqların oynaması və öyrənməsi üçün mütləq bahalı oyuncaqlara ehtiyacı yoxdur. Əslində, yəqin ki, evdə körpənizlə əyləncəli və cəlbedici oyun düşünmək üçün lazım olan hər bir əşya var.
Əyləncəli oyunlar arzulayırıq!
Mənbə:
https://www.unicef.org/azerbaijan/az/node/1781