Brooklyn və Manhattanda evlilik və ailə terapevti kimi tanınan Tomas Casado-Frankel oyun terapiyası ilə bağlı apardığı araşdırma və təcrübələri zamanı oyun terapiyasının müalicə forması kimi effektivliyi ilə bağlı valideynlərin narahatlığı ilə tez-tez qarşılaşdığını bildirir. Valideynlər “bunun sadəcə bir oyun olduğunu” deyirlər.
Oyun terapiyası sadəcə oyun oynamaq deyil. Müalicə üsulu kimi oyundan istifadə uşaq üçün əyləncəli görünsə də orada ifadə edilən və dərk edilən çox şey var. Yəni, oyun terapiyası məna ifadə edir!
Oyun terapiyası nədir və necə qurulmalıdır?
Bəzən valideynlərin də iştirak etdiyi oyun terapiyası, ilk növbədə 3 yaşdan 12 yaşa qədər olan uşaqlarla istifadə edilən psixoterapevtik bir üsuldur. Valideynlə ilkin görüş keçirildikdən sonra, terapevt qiymətləndirmə aparır və bu uşağa uyğun müalicə yanaşmasını seçməkdə terapevtə kömək edir. Terapevtik oyun üçün təhlükəsiz, rahat bir oyun otağı seçilir. Otaqda uşağa özünü ifadə etməyə həvəsləndirən və müsbət davranışların öyrənilməsini asanlaşdıran çox sayda müxtəlif oyuncaqlarla oynamaq tövsiyə olunur. Uşağa çox az qayda və məhdudiyyətlər qoyuluraq, azad ifadə tərzinə həvəsləndirilir. Eyni zamanda terapevt uşağın seçimlərini, qərarlarını və oyun tərzini izləyə bilir. İncəsənət və sənətkarlıq, rəqs, musiqi, nağıl və bənzəri olan vasitələr də oyun terapiyasına daxil edilə bilər. Oyun terapiyası adətən həftə ərzində hər biri 30-45 dəqiqə davam edən orta hesabla 20 seansda aparılır.
Oyun terapiyası nə zaman istifadə olunur?
Sosial və ya emosional bacarıqları zəif olan, məişət zorakılığına, istismara, travmaya, ailə böhranı və ya stresli hadisələrə məruz qalan, akademik və öyrənmə problemləri olan, davranış pozğunluqları, depressiya, kədər, aqressiya, həmçinin diqqət əksikliyi olan və eyni zamanda autizm spektrli uşaqlar üçün uyğundur.
Oyun terapiyası bizə nə verir?
Uşaqların daha yaxşı ünsiyyət qurmasını, özlərini sağlam şəkildə ifadə etməsini, problem həll etmə bacarıqlarını inkişaf etdirməsini, davranışlarını dəyişdirmə və uyğun strategiya modellərini və başqalarının keçirdiyi hissləri anlamaqda həssaslıq göstərmələrini öyrənməkdə kömək edir. Yəni, uşaqlara daha dərin duyğuları anlamağa, eşitdiklərini və gördüklərini hiss etməyə kömək edir, narahatlıqlarını azaldır.
Kimlər oyun terapevti ola bilər?
Uşağın inkişafı, bağlanması və oyundan ünsiyyət vasitəsi kimi istifadə mövzularında xüsusi təlim keçmiş şəxslər oyun terapevti ola bilər. Oyun terapevti uşaq mərkəzli, koqnitiv-davranış, Adlerian və ya Geştalt terapiyası kimi terapevtik yanaşmaları da bilməlidir. Təhsil və təcrübəsindən əlavə, şəxsi və ailə məsələlərində işləmək üçün rahat hiss etdiyiniz terapevtə üstünlük verin.
İstinadlar:
-Association for Play Therapy website (https://www.a4pt.org)
-Play Therapy İnternational
-Evidence-Based Practice
-Statement: Play Therapy. 2016. Association for Play Therapy U.S.
Hazırladı: Uşaq psixoloqu Gülnar Vaqifqızı