Narsisizm və yüksək özgüvən arasındakı fərqlər

Narsisizm və yüksək özgüvən, yüksək özünüqiymətləndirmə kimi bəzi oxşar xüsusiyyətlərə malikdir. Təsadüfi deyil ki, bir çox insan narsistlərdə yüksək özgüvənin olduğu qənaətindədir. Lakin bu, həmişə doğru deyil.  

Başqa sözlə, narsisizm və özgüvən bir-birindən fərqlənir. Özgüvən insanın özünə olan hörmət və dəyərini subyektiv qiymətləndirməsinə istinad etdiyi halda, narsisizm özünü mərkəzləşdirmə, özünə önəm vermə, üstünlük, böyüklük kimi hisslərə istinad edir. Özgüvənli insan “Mən yaxşıyam” deyə düşünür. Narsistin düşüncəsi isə “Mən xüsusiyəm”, “Mən ən yaxşıyam” olur.

Brummelman və onun həmkarları narsisizm və özgüvənin fərqli fizioloji göstəricilərinin olub olmadığı müəyyən etməyə çalışıblar.

Narsisizm və özgüvənin fizioloji göstəricilərinin tədqiqi

Nümunə: 71 uşaq (46 faiz oğlan, 88 faiz Holland)

Prosedur: Uşaqlar 4,5 yaşında olarkən, valideynləri ilə birlikdə laboratoriyaya dəvət olunub və onlardan valideynlərinin, kameramanın və eksperimentatorun qarşısında mahnı oxumaları xahiş olunub.

Təqribən 2 dəqiqə davam edən gözləmə mərhələsində onlara, öz çıxış vaxtları çatana qədər səhnədə oturmaları tapşırıldı. Mahnı oxuduqdan sonra onlara 1 dəqiqə özlərinə gəlmək üçün zaman ayrıldı. Bu müddət ərzində uşaqlara yenə həmin səhnədə əyləşmək təlimatı verildi. Həmin fazalar videolentə alınmadı.

Ölçülənlər: Performans, gözləmə və yaxşılaşma mərhələləri boyunca tədqiqatçılar uşaqların elektrokardioqram (EKQ), nəbz dəyişkənlikləri və elektrodermal fəaliyyət kimi fizioloji reaksiyalarını qeyd etdilər.

Uşaqlar 7,5 yaşında, yəni, narsisizm və övgüvən arasındakı fərdi fərqlər daha aydın görünməyə başlayan bir dövrdə, psixodiaqnostik anketləri doldurmaq üçün laboratoriyaya yenidən dəvət edildilər.

Tədqiqatın nəticələri

Narsisizmə meylli olan uşaqların bədənləri, tapşırığı gözləyən əsnada daha yüksək həssaslıq nümayiş etdirdi. Bu həssaslıq onların performansı boyunca yüksək olaraq qaldı və yaxşılaşma fazasında da öz əvvəlki vəziyyətinə qayıtmadı. Bunun əksinə, yüksək özünəinam hissinə meylli olan uşaqların bədənlərindəki həssalıq prosedur boyunca nisbətən daha az oldu.

Nəticələr, narsisistik uşaqların sosial-qiymətləndirici faktorlara qarşı daha həssas və davamsız olduğu fikrini dəstəkləyir, yüksək özgüvəni olan uşaqlar isə sosial-qiymətləndirici proseslərdə özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Uşaqların əksəriyyətinin, gözləmə mərhələsindən performansa keçid edərkən fizioloji reaksiyaları kəskin şəkildə artdı, amma, narsisizmə meyilli olan uşaqlarda bu artım zəiflədi.

Başqa sözlə, əsl performans mərhələsi narsisistik uşaqları çox narahat etmədi. Niyə?

Bəlkə də, narsisistik uşaqlar artıq olabiləcəkləri qədər narahat və həyəcanlı idilər, buna görə də təşvişlərində hər hansı əlavə bir artım üçün yer yox idi.

Başqa bir ehtimal isə, narsisistik uşaqların gözləmə mərhələsində olan narahatlıqlarına baxmayaraq, performans mərhələsini yaxşı keçirmələridir. Diqqət mərkəzində olmaq və möhtəşəm təriflər almaq xüsusilə narsisistik uşaqlar üçün xoş təcrübə ola bilər.

Axı, bütün uşaqlar performanslarından əvvəl bu cür təqdim edilmişdilər: “Xanımlar və cənablar, bu gün məhşur (uşağın adı) bizim üçün xüsusi bir çıxışı var, o (mahnının adı) oxuyacaq!

 

Narsisizm, özgüvən və sosial-qiymətləndirmə təşvişi

Qeyd edildiyi kimi, narsisizmə meylli uşaqlar yüksək özgüvənə sahib olan uşaqlara nisbətdə, tamaşaçı qarşısında çıxış etmək kimi sosial cəhətdən qiymətləndirici tapşırığı istər gözləmə mərhələsində olarkən, istərsə də yerinə yetirərkən daha çox həssaslıq göstərməyə meyllidirlər.

Qeyd: fizioloji aktivlik yaxud həssaslıq, simpatik oyanma – savaş ya da qaç reaksiyası ilə bağlıdır.

Bu məntiqlidir, çünki narsisistik insanlar sosial mühakimələrə məruz qalacaqlarını gözlədikdə yaxud bunu hiss etdikdə həddindən artıq oyanıqlıq nümayiş etdirə bilər.

Əslində, tədqiqatda özünə güvənən uşaqlar da savaş ya da qaç reaksiyasına məruz qaldılar. Spesifik olaraq, bu uşaqlarda fizioloji reaksiya gözləmə mərhələsindən performansa qədər artmışdı.

Əgər özünəinam hissinin təməlində sosial qəbul və qiymətləndirmənin olduğunu xatırlasaq, özgüvənli uşaqların verdiyi reaksiya daha məntiqli olar. Belə ki, özgüvəni yüksək səviyyədə olan uşaqlar tapşırıqda uğursuz olsalar belə, rədd edilməyi gözləmirlər. Performansları tənqid olunsa belə, onlar yenə də qəbul edilməyi və onlara dəyərli şəxs olaraq davranılmasını gözləyirlər.

Narsisizm və yüksək özgüvənin mənşəyi

Narsisizmin və yüksək övgüvənin inkişaf mənşəyi nələrdir? Araşdırmalar, hər ikisinin də qismən irsi və qismən sosial həyatda, xüsusən valideynlər ilə qarşılıqlı əlaqə zamanı qazanıldığını göstərir.

Nümunə üçün demək olar ki, narsisistik uşaqlar əksərən, onlara həddindən artıq dəyər verən və xüsusi olduqlarına inanan valideynlərə sahib olurlar. Bununla belə, bu uşaqlar qeyd-şərtsiz qəbul görmürlər, çünki, onlar ancaq valideynlərinin həqiqi olmayan standartlarına uyğun yaşadıqlarında dəyər görüb, qəbul edilirlər. Bu cür şərtsiz olmayan təsdiq, artıq bizə narsisistik uşaqlarda tez-tez rast gəlinən sosial-qiymətləndirmədəki narahatlıqları izah edir.

Valideynin övladına həddindən artıq dəyər verməsinin əksinə, valideynin istiliyi və həssaslığı, uşaqda dəstəkləyici, həssas, mehriban və bəsləyici davranışlara, həmçinin şərtsiz təsdiq və qəbula səbəb olur. Həqiqətən, valideynin istiqanlılığı uşaqda yüksək övgüvənin formalaşmasına daha çox kömək edir.

Səmimi və həssas valideynlər uşaqları ilə vaxt keçirmək, uşaqlarının maraqlandığı şeylərə həvəs göstərmək və müsbət emosiyalarını bölüşmək üçün vaxt ayırırlar.

Bu şəkildə övladına qarşı həssas olan valideynlər, övladlarını onların mükəmməllik standartlarına uyğun olduqdan sonra şərti qəbul edən valideynlərdən fərqli olaraq, olduqları kimi qəbul etməyə yönəlmiş olurlar.

 

Nəticə

Bu araşdırma narsisizm və yüksək özgüvənin fərqli konstruksiyalar olduğunu göstərir. Xüsusilə, narsisizm sosial-qiymətləndirmə tələb edən situasiyalarda yüksək fizioloji reaksiya, hiperoyanma ilə proqnozlaşdırıla bilər. Halbuki, yüksək özgüvən ümumi aşağı olan həyəcan səviyyəsi ilə proqnozlaşdırılır.

Bu o deməkdir ki, narsisistik insanların sosial-qiymətləndirmə tələb edən situasiyalarda narahat olma və yüksək həssaslıq göstərmə ehtimalı, yüksək özgüvənə sahib insanlara nisbətən daha çoxdur. Onlarda rədd edilmək, ələ salınmaq və yaxud alçaldılmaq qorxusu daha güclüdür.

Yüksək özgüvən sahibi insanlar da performans qayğısı yaşayırlar, amma qiymətləndirmə tələb edən vəziyyətlərdə təriflə yanaşı, mümkün tənqidi də gözləyirlər. Eyni zamanda sosial-qiymətləndirmədən asılı olmayaraq qəbul olunduqlarını, dəyər və sevgi gördüklərini hiss edirlər. Bu, onlara nə olursa olsun kim olduqları haqqında özlərini daim güvəndə hiss etmələrinə kömək edir.