Son zamanlar psixoloji problemlərlə bağlı hansı müzakirəyə girsək, cavab eyni mövzuya gəlir çıxır: “Özünü qiymətləndirmənin aşağı olması ilə əlaqədardır”.
Bu barədə xüsusilə abituriyentlərə, müəllimlərə və valideynlərə ünvanlamaq istədiyim bəzi məsələlər var. Biz nəzərə almalıyıq ki, özünü qiymətləndirmə insanın əldə etdiyi uğurlardan asılıdır. Bir də bu uğurlara verdiyi qiymətdən. Bəli, bizim müvəffəqiyyətimiz cəmiyyətin, xüsusilə də ailə üzvlərimizin verdiyi dəyərlə əhəmiyyət qazanır. Lakin bəzən elə olur ki, layiqli bir uğura yaxınlarımız gözlədiyimiz, haqq qazandığımız dəyəri vermir. Bu, bəzən onların subyektiv mövqeyi ilə, bəzən də obyektiv həyat şərtləri ilə bağlı olur. Axı, necə deyərlər, ağrılardan göz ağrısı, hər kəsin öz ağrısı..
Odur ki, özünü qiymətləndirmənin stabil və reallığa uyğun olması psixi sağlamlığımız üçün çox vacibdir. Hər kəs özünü qiymətləndirmənin məsuliyyətini daşımalıdır. Özümüzü daim xarici mövqelərə görə qiymətləndirsək, okeanda azmış qayıq kimi istiqamətimizi də itirərik, dalğalara qarşı davamlılığımızı da.
Özünü qiymətləndirməni necə qorumaq olar? - Hər gün yenidən başlayaraq!
Özünüzə verdiyiniz sözləri tutmağa çalışın. İstəklərinizə və arzularınıza qarşı sadiq olun. Hər şeyin öz zamanı olduğunu və hər bir nailiyyətə çatmaq üçün əziyyət çəkməli olduğunuzu qəbul edin.
Uğursuzluqlara hazır olun.
Bəlkə də ən çətini budur. Hər dəfə “itirdiyimizi” zənn etdiyimiz zirvələrdən çuxura düşdükdə yaraları sarımağın ən gözəl yolu hər gün yenidən başlamaqdır. Hər səhər yeni hədəflərinizi yaza biləcəyiniz xüsusi bir dəftəriniz olsun, ya da evinizin bir guşəsində balaca lövhə düzəldin.
Etməyi çatdırmadığınız işlərinizə görə özünüzü məzəmmət etməyin. Buna sərf edilən enerjiyə yeni bir ev tikmək olardı.
Özünüzü təqdir etməyi adət edin.
Fəaliyyətlərinizin səciyyəsini tez-tez dəyişin. Bir həftə ərzində dostlarınıza da, ailənizə də, özünüzə də, tənbəlliyə də vaxt ayırın. Ən önəmlisi isə, hər gün sevinc hissi üçün bir səbəb tapın.
Sonda demək istəyirəm ki, özünüzə “Sən mükəmməl olmalısan” demək yaxşıdır, amma arada bir “Sən xoşbəxt olmalısan” da deyin.
Bəlkə də bu yazı çox xəyalpərəst əhvaldadır. Sabah yeni bir gün olacaq, yenidən başlayıb özümüzü qiymətləndirməyə başqa üslub axtararıq.
Klinik psixoloq Səyyarə Yusubova