Dırnaq yemək vərdişindən xilas olmaq
40 ildir ki, dırnaq yeyirdim. Bu pis vərdişi tərgitməyə çalışmaqdan artıq əl çəkmişdim. Kolleqalarım bu vərdişin bir mütəxəssisə yaraşmadığını deyib, məni çəkindirməyə çalışırdılar. Həyat yoldaşım dırnaq yediyimə görə keçmişdə yoluxduğum infeksiyaları mənə daim xatırladırdı. Hətta manikur etdirməyə belə çalışmışdım. Əgər onlara dəyər verib, pul ödəsəm daha yaxşı baxacağımı düşünürdüm. Amma heçnə alınmadı.
Yayındırıcı bir üsul kimi dırnaqlarıma pis dad verən maddə çəkməyi düşünmüşdüm, amma bunu təbii yolla edə bilməsəm, başqa cür alınmayacağına qərar verdim.
Sadəcə öz dırnaqlarıma deyil, başqalarının dırnaqlarına da diqqət etməyə başlayanda, yalnız olmadığımı müşahidə elədim. Bir sıra müştərilərimdə də bu vərdiş var idi. Mövcud ədəbiyyatlarda əhalinin təqribən 20-30%-də dırnaq yemə vərdişinin olduğu göstərilir. DSM-5 (Xəstəliklərin beynəlxalq təsnifatı) xroniki dırnaq yemə vərdişini obsessiv-kompulsiv pozuntu (OKB) kimi təsnif edir, dodaq yemə, saç yolma kimi davranışlar da bu qrupa aid edilir.
Statistikalardan yaxud təsnifatdan asılı olmayaraq, bu, illərdir terapiyalarda rast gəldiyim bir problem idi, amma heç bir şey işə yaramırdı.
Keçmiş cəhdlərim bir həftəlik uğura gətirib çıxarırdı, amma sonra eyni davranışlar yenidən işə düşürdü. Bu haqda düşünərkən, stresslə yaxud təşvişlə əlaqələndirirdim. Bu səbəbdən özümü ömür boyu dırnaq yemə vərdişinə təslim etmişdim.
Amma son aylarda yanaşma baxımından tamamilə fərqli olan, IFS (daxili ailə sistemləri) kimi tanınan məhşur terapiya texnikası ilə tanış oldum. Bu yanaşma məni dırnaq yeyən tərəfimə nifrət etməkdənsə, ona qarşı mehriban olmağa sövq etdi. Qısacası yanaşma“pis tərəf yoxdur!”a əsaslanır. Başlanğıcda bu üsul məntiqsiz və qarışıq görünürdü, çünki mən dırnaq yeyən tərəfimə nifrət, məyusluq və utanc hissi ilə baxırdım.
Bu yanaşma haqqında daha çox öyrəndikcə, o həm idrak baxımından, həm də praktik cəhətdən (dırnaq yemə ehtiyacından azad olmaqla) mənim üçün məna kəsb etməyə başladı. Əvvəlcə, dırnaq yeyən tərəfimə qarşı bəslədiyim bütün neqativ hissləri bir kənara qoydum. Bunu etdikdən sonra, həmin tərəfimlə mənə maraqlı olan başqa bir insanmış kimi danışmağa başladım. Maraq bu işin açarıdır, əgər mən bu tərəfimə nifrət etsəydim yaxud əsəbi olsaydım, onun mənşəyini öyrənə bilməzdim.
Bu prosesdə o məni uşaqlığımda olan bir xatirə ilə üzləşdirdi. Qaranlıq gecədə, cinayətləri ilə məhşur olan bir məhəllədə, özümdən kiçik olan 2 qardaşımla evdə tək idim. Valideynlərim işdə idilər və biz özümüzə baxmaq məcburiyyətində idik. Bu xatirə ilə bağlı hiss etdiyim şey qorxu idi və mən dırnaq yeməyə bu yaşlarda qorxularımı sakitləşdirmək üçün başladığımı müəyyənləşdirdim. Bu yanaşma sadəcə həmin tərəfimizi anlamaq üçün onunla əlaqə qurmağı deyil, həmçinin xoş münasibətlə ona təşəkkür etməyi də ehtiva edir. Bu həm də, əvvəllər terapiya haqqında bildiklərimi əks istiqamətə çevirdi. Gənc yaşlarımda mənə qayğı göstərməyə çalışdığı üçün dırnaq yeyən tərəfimə mittətdarlıq duydum və təşəkkür etdim.
Sonuncu dırnaq yediyim tarixdən cəmi 2 ay keçib. Amma bu maraqlı yanaşma tərzinə əsaslanaraq, öz daxilimdə böyük bir dəyişim hiss edirəm. Həyat yoldaşım dırnaqlarımın bu qədər uzandığını görüb çox təəccübləndi və mənə manikura getmək üçün kupon hədiyyə etdi. Dırnaq yeməmi dayandırmaq üçün edilən son manikurdan (20 il əvvəl) fərqli olaraq, bu manikur artıq onu dayandırmamın nəticəsi idi.
Son iki ay ərzində bu təcrübədən öyrəndiyim vacib bir dərs varsa, o da bizim içimizdə “pis tərəflərin” olmadığıdır. Sadəcə olaraq biz, onlara layiq olduqları şəfqət, empatiya və anlayışı vermirik. Onlar təqdir və qəbulu görmədikləri müddət ərzində bizə illərlə, hətta mənim vəziyyətimdəki kimi onillərlə əzab verməyə davam edə bilirlər.
Müəllif: Sam Louie
Tərcümə: Fidan Əkbərli
https://www.psychologytoday.com/us/blog/minority-report/202301/a-cure-for-nail-biting