Depressiyada olub amma ona məhəl qoymadığınızı göstərən 5 əlamət

Stereotiplər çox vaxt problemin nə olduğunu qavrama qabiliyyətimizi sıradan çıxarır. Əksəriyyətin beynində depressiyada olmağın necə göründüyünə dair bir təsəvvür var, amma bu təsəvvür reallığa uyğun gəlməyə bilər. Əgər siz, depressiyada olan insanların qəmgin göründüklərinə, enerjilərinin aşağı olduğuna və ümumiyyətlə neqativ bir şəkildə davrandıqlarına inanırsınızsa, onda, özünüzdə yaxud başqalarında olan real depressiya əlamətlərini tanımaya bilərsiniz.

Bəzən, depressiya qiymətləndirmə formlarındakı əlamətlərdən bir neçəsinin özümüzdə olmasıyla razılaşsaq belə, bu, tamamilə depressiyada olduğumuza bizi inandırmır. Biz hisslərimizə məhəl qoymamağı və heç bir şey olmamış kimi özümüzü daim irəliyə doğru itələməyi çox yaxşı bacarırıq.

Bu mövzuda araşdırma aparan mütəxəssislər, bir çox hallarda depressiya göstəriciləri yüksək olan insanların özlərini depressiyada hiss etmədikləri qənaətinə gəliblər.

 

Depressiya ehtimalının 5 əlaməti

İnsana depressiyanı özünün tanıması üçün kömək etmək, onu özümüzə inandırmaqdan daha yaxşıdır. Əgər hansısa bir şəxs depressiyaya düşdüyünü görə bilmirsə, ən inandırıcı dəlil belə onun fikrini dəyişməsinə kömək etməyəcəkdir.

Başqalarına öz depressiyalarını müşahidə edə bilmək üçün kömək etməyin açarı, beynin necə işləməsi, real problemlərlə üzləşdikdə necə daha elastik və adaptiv hala gətirilməsi ilə bağlı məlumatlar verməkdir. İnsanların çoxu özləri haqqında məlumat əldə etməyə həqiqətən maraq göstərir, amma hər hansı bir qüsurlarını dedikdə dərhal müdafiəyə keçirlər. Beynin fəaliyyətinə fokuslanan, insanları mühakimə etməyən bir yanaşma, kömək etmək istədiyiniz insanla aranızda güvənin yaranmasına səbəb olacaqdır.

Əlamətlər:

1. Sizin üçün önəmli olan şeylərlə aranızdakı əlaqənin kəsildiyini hiss edirsiniz.

Həyatınızı mənalı edən və zənginləşdirən insanlara, fikirlərə və fəaliyyətlərə sahib olduğunuz halda, qarşılaşdığınız təzyiqlər səbəbindən sizin üçün vacib olan bu sahələrə fokuslanmaqda çətinlik çəkirsiniz. Dəyərlərinizi, məqsədlərinizi və həyatdakı istiqamətinizi itirərkən müəyyən dərəcədə sıxıntı yaşamağınız normaldır. Amma təəssüf ki, bu sıxıntı diqqətinizi çəkməyə başlayanda, vacib olan şeylərə fokuslanmaqda problemlər yaşayırsınız.

 

2. İstədiklərinizlə, sahib olduqlarınız arasında dərin bir uçurum var.

Bu cür boşluqların olması normaldır. Bu boşluqlar bizi inkişaf etməyə və dəyişməyə sövq edir. Lakin bu bəziləri üçün sıxıntı ifadə edə bilər. Zehnimiz bizə bir yerdə ilişib qaldığımızı, həyatımızın dəyişməyəcəyini və üzləşdiyimiz bütün maneələrin günahkarı elə özümüzün olduğunu deyə bilər.

 

3. Düşüncələrinizə, hisslərinizə və fiziki hissiyyatlarınıza, etibarlı, vacib və doğruymuş kimi yanaşırsınız.

Özünüzü kədərli hiss etdiyiniz zaman, beyniniz nə baş verdiyini sizə izah etməyə çalışır. Nəticədə, siz tez-tez beyninizin sizə verdiyi açıqlamaları sanki doğruymuş kimi dinləyirsiniz və nəticələri mühakimə etmirsiniz. Məsələn, beyniniz həyatın sizə qarşı ədalətli davranmalı olduğunu, amma davranmadığını, sizin buna görə özünüzü bədbəxt hiss etməli olduğunuzu, yaxud, bütün bu bədbəxtçiliklərin sizin günahınız olduğunu deyə bilər. Bu sizin özünüzü qəmgin hiss etmənizin açıqlaması kimi görünsə də, bu həyatınızda heç bir şəkildə faydalı deyil.

 

4. Siz “mübarizə dövrəsi”ndə ilişib qalırsınız, rahatlaşmaq üçün qısamüddətli bir yol tapırsınız və bu yol öz təsirini itirdikdən sonra daha da pis hiss edirsiniz.

Faydalı olduğunu düşündüyünüz üçün problemlərdən qaçır və onları idarə etməyə çalışırsınız. Anlıq olaraq “netflix”, alkoqol yaxud “cheescake” özünüzü nisbətən yaxşı hiss etmənizə kömək edə bilər. Sıxıntılardan qaçmaq və onları idarə etmək strategiyalarınızın gətirdiyi qısamüddətli rahatlıq hissi aradan qalxan kimi, yenidən pis hiss etməyə başlayırsınız və üstəlik problemlərinizə yeniləri əlavə olunur. Ümumiyyətlə problemlərdən qaçmaq yaxud onları idarə etmək üçün etdiyiniz şeylər uzun müddət ərzində həyatınızı daha da pisləşdirir. Onlar sizə zaman, pul və sağlamlığınız bahasına başa gəlir. Və bu problemlər sonda münasibətlərinizin korlanması bahasına başa gələ bilər.

 

5. Siz həyatınızda irəliləməzdən əvvəl sıxıntılarınızdan qurtulmalı olduğunuza inanırsınız. 

Biz belə düşünürük ki, xoşbəxtlik həyat boyu davam etməli olan normal bir şeydir. Və əgər xoşbəxt deyiliksə, həyatımızda nə isə səhv gedir. Biz həmçinin düşünürük ki, düşüncələrimizi və hisslərimizi idarə etməyi bacarmalı və irəliləməzdən əvvəl onlardan yaxa qurtarmalıyıq. Məhz bu təfəkkür bizi həmin “mübarizə dövrəsi”ndə qalmağa məcbur edir. Biz düşüncələrimizi və hisslərimizi həyatımızı daha da pisləşdirən şəkildə idarə etməyə və onlardan qaçmağa çalışırıq.

 

Bu əlamətləri özündə müşahidə edən insanlar, həyatlarını bu cür təsvir edirlər:

“Hər səhər oyanıram və bilirəm ki, bu gün də dünənki kimi çətin olacaq. Və əminəm ki, sabah da bu gündən fərqlənməyəcək. Depressiya belə bir hissdir? Əgər belədirsə, mən depressiyadayam.”

Bu insanlar bütün gün hüzünlü görünən, gününü yatmaqla keçirən yaxud ancaq neqativ danışan fərdlər deyil. Onlar çalışqan insanlardır. Ailələrini bir yerdə saxlaya bilmək üçün mübarizə aparan valideynlər, tələbələrinin həyatını yaxşılaşdırmaq üçün can yandıran müəllimlər, özləri və başqaları üçün daim pozitiv qalmaq məcburiyyətində olan tibb işçiləri və s. Yenə də, “mübarizə dövrəsi” ilə üz-üzə gəldikdə onlar bu çarxda ilişib qaldıqlarını və enməli olduqlarını dərk edirlər.

 

Dəyişikliyə doğru addımlar

Əgər depressiyanın bu beş əlaməti həyatınızda özünü göstərirsə, əmin olun ki, siz tək deyilsiniz. Çoxlarımız həyatın hansısa bir məqamında “mübarizə dövrəsi”ndə ilişib qalırıq.

Azad olmaq və depressiyanızı idarə etmək üçün ilk addım çox sadə səslənə bilər, lakin özünüzə şəfqət göstərmək çox vacibdir. Düşüncələrimiz bizi incitmək işində peşəkardır, lakin özümüzə şəfqət göstərmək və ya içimizdəki yaxşılığı görmək işində o qədər də yaxşı deyil.

İkincisi, özünüzə, sıxıntılardan qaçmaq yaxud onları idarə etməyə çalışmaq vərdişlərinizin sizin üçün faydalı olub-olmadığını sual verin. Onlar sizi getmək istədiyiniz yerə aparırlar? Yəqin ki, yox. Sonra bu vərdişlərinizin həyatınızdakı nələrə səbəb olduğunu səmimi və dürüst şəkildə qiymətləndirin.

Nəhayət, sıxıntılarınızı idarə etməyə çalışmaqdan kənarlaşmağa çalışın. Daha doğrusu, getmək istədiyiniz yolda xırda addımlar atarkən, sıxıntılarınızı da özünüzlə aparın. Bu sizə kömək edəcək.

Unutmayın ki, siz yalnız öz neqativ düşüncələrinizdən ibarət deyilsiniz. Həmin düşüncələrin sizə nə dediyinin təsirinə düşmək lazım deyil. Siz öz hekayənizin müəllifisiniz, onun qurbanı deyil.