Pandemiya ilə bağlı tətbiq olunan qaydalar autizm spektorlu uşaqlar üçün nə deməkdir?

Xəstəliklə bağlı görülən profilaktik tədbirlər autizmli insanlar da daxil olmaqla bütün insanlar üçün eynilik təşkil edir. Artıq bizə məlumdur ki, autizm spektorlu uşaqlar dəyişikliklərə, yeni qaydalara uyğunlaşmada çətinlik çəkirlər və bu səbəbdən güclü müqavimət göstərə bilərlər ki, pandemiya ilə bağlı tətbiq olunan yeni qaydalar da buna səbəb ola bilər.

Autizm spektorlu uşağıma Covid-19 haqqında nə deməliyəm?

Autizmli uşaqlar nəyin baş verdiyini bilmirlər, eyni zamanda onlar adətən qorxu və narahatlıqlarını ifadə etməkdə çətinlik çəkirlər. Virus haqqında uşağınıza sadə dillə, aydın, birbaşa və dürüst şəkildə danışın.

       “Korona Virus bir mikrobdur. İnsanları xəstə edir. Özümüzü qorumaq və sağlam olmaq üçün başqa insanlardan uzaq olmalıyıq, buna görə də bir müddət məktəbə və gəzintiyə getməməliyik. Evdə qalıb, birlikdə zaman keçirə bilərik, məktəb fəaliyyətlərimizi edib, oyunlar oynaya bilərik”.

Uşağıma Korona Virusu başa düşməsini asanlaşdıracaq hansı vasitələrdən istifadə edə bilərəm?

Autizm spektorlu uşaqların sosial ünsiyyətdəki çətinlikləri, stereotipli davranış modelləri, öyrənmədə olan çətinlikləri və digər səbəblərlə bağlı hər zaman spesifik dəstək üçün ehtiyacları vardır. Belə situatsiyalarda “Sosial hekayələr” dən istifadə etmək ən effektli üsullardan biridir. Sosial hekayələr daxilində şəkillərdən və digər əyani vasitələrdən də istifadə edərək:

-əllərin yuyulması, sağlam və ---təhlükəsiz qalmağın üsulları
-sosial məsafə
-distant təhsil
-evdəki yeni qaydalar

haqqında öyrədə bilərsiz.

Autizm spektorlu uşağımızı yeni qaydalara necə uyğunlaşdıra bilərik?

Rutinlərinin olması autizmli uşaqları yaxşı hiss etdirir, bu səbəbdən mümkün qədər uşağınızın evdəki rutinlərini saxlamağa çalışın. Ancaq evdə tətbiq edəcəyimiz yeni qaydalar və məktəb fəaliyyətlərimizə uyğunlaşmasını təmin etmək üçün “vizual cədvəllər” və “gündəlik fəaliyyət cədvəlləri” ndən istifadə etməyiniz tövsiyə olunur. Digər fəaliyyətlərə keçid etmək üçün isə “Timer” tipli xəbərdarlıq siqnallarını tətbiq etməyiniz arzuolunandır, bu uşağınızın işini asanlaşdıracaq. Beləliklə, müəyyən edilmiş gündəlik rutinlər və tətbiqi vasitələrdən istifadə baş verən dəyişikliklərə qarşı yaranan narahatlığı azaldacaq.

Uşağımın gərginləşməməsi üçün nə edə bilərəm?

Uşağınıza hisslərini ifadə edə bilmək üçün dəstək olun:

-Davamlı ünsiyyətə girin
-İncəsənətlə bağlı fəaliyyətlər edin
-Nəfəs çalışmaları edin
-Musiqiyə qulaq asın
-Sevdiyi videolara baxın
-Yüngül idman hərəkətləri və.s kimi sakitləşdirici fəaliyyətlərlə məşğul ola bilərsiz.

Xüsusi hallar yarandıqda isə uşağınızın həkimi, pedoqoqu və davranış mütəxəssisi ilə məsləhətləşin.

        

 

    MƏNBƏ: www.kidshealth.org

    Hazırladı: Uşaq psixoloqu Gülnar Səttarova