Perfeksionizm insanın həyatını sonsuz hesabatlılıq halına gətirir. Əgər, sağlamdırsa, insanı düşündürür, çətinlikləri aradan qaldırmağa və uğur qazanmağa sövq edir. Qeyri-sağlam olduqda isə insanın həyatını çətinləşdirir, özünü bədbəxt hiss etməsi üçün surətli bir yol getməsinə səbəb ola bilir. Perfeksionizmi zərərli edən məqam odur ki, uğur qazanmaq istəyən insanlar uğura deyil, uğursuzluqlarının qarşısını almağa fokuslanırlar, nəticədə neqativ düşünməyə meyillənirlər. Şərtsiz sevgiyə inanmırlar, başqalarının sevgi və dəstəyinin qüsursuz bir performansa bağlı olduğunu düşünürlər.  

Perfeksionizmin səbəbləri nələrdir?

İnsan uğursuzluqdan və sərt iradlardan (mühakimədən) qaçma arzusunu ifadə edən daxili təzyiq tərəfindən idarə edildiyi üçün perfeksionist olur. Son 30 ildə gənclər arasında cinsiyyət və mədəniyyətdən asılı olmayaraq perfeksionizmin önəmli dərəcədə artması əlavə sosial komponentin təsirinin də olduğunu göstərir. Bu artımda akademik və peşəkar rəqabətin artması, sosial medianın aktuallığı və ortaya çıxardığı zərərli qarşılaşdırmaların (müqayisələrin) əsas rol oynadığı düşünülür.

Perfeksionist olduğunu göstərən işarələr:

Perfeksionist insanların özü və digər insanlardan real olmayan yüksək gözləntiləri var. Xəta tapmaqda surətlidirlər və xətaları çox tənqid edirlər. Uğursuz olma qorxusu ilə layihələri təxirə salmağa meyilli olur, onlara edilən komplimentləri ignore edir, uğurlarını qeyd etmirlər. Bunun əvəzində həyatlarında xüsusi insanlar var ki, məhz onların təsdiqini gözləyirlər.

Perfeksionizmin növləri:

Perfeksionizm özünü 3 formada göstərir. Mükəmməl olmaq üçün özündən real olmayan nəticələr tələb edən öz-mərkəzli perfeksionizm, digər insanlardan real olmayan mükəmməl davranış və nəticələr gözləyən digər insanlar mərkəzli perfeksionizm və özü başqalarının real olmayan gözləntilərini qəbul edən sosial təyin olunmuş perfeksionizm.   

Perfeksionist olmaq təhlükəlidirmi?

Perfeksionizm mücərrəddir, realda mümkün deyil. Mükəmməl olmağa çalışmaq çətinliklərdən qaçmağa, ya həmişə ya heç vaxt tərzdə düşünməyə, qatı və zərərli müqayisələr etməyə səbəb ola bilər, yaradıcılığı azalda bilər. Uyğunlaşmayan perfeksionizm adətən uğursuzluq qorxusu, dəyərsizlik duyğusu və neqativ uşaqlıq təcrübələri tərəfindən idarə edilir. Bu halı çox vaxt depresiya, qayğı pozuntuları, obsessiv-kompulsiv pozuntu, yemə pozuntuları və hətta intihar düşüncələri izləyir.

Bəs perfeksionistlik yaxşı ola bilirmi?

Mükəmməllik uğrunda mübarizə aparmaqla mükəmməlliyi tələb etmək arasında fərq var. Uyğunlaşmayan perfeksionistlər uğursuzluğa mərkəzləndiyi halda, uğura mərkəzlənən perfeksionistlər uyğunlaşan və pozitivdirlər, yüksək hədəflər müəyyən edir və yüksək standartlara sahibdirlər və uğurları üçün durmadan çalışırlar. Uyğunlaşan mükəməlliyətçilər inkişafı, böyüməyi arzu edir, istəyir, mübarizənin dadını çıxarır və problemləri yaxşı həll edirlər. Mükəmməl olma istəkləri üçün etdikləri cəhdlər, sərgilədikləri davranışlar bir əksiklik deyil bir gücdür.

Perfeksionistliyin öhdəsindən necə gələ bilərik?

Daima özünü, davranış və düşüncələrini müqayisə etmək zehnindən qurtulmaq insana mükəmməl bir ideala baxmadan daha sağlam şəkildə istədiyi nəticə uğrunda mübarizə aparmağa kömək edir. İnsan fərqindəlik yaradaraq, öz özüylə mərhəmətli danışaraq, özünə qarşı neqativ tənqidlərə yol verməyərək perfeksionistliyi ilə mübarizə apara bilər.  

Önəmli olan, mükəmməl olmasa belə hər cəhdin faydalı ola biləcəyini anlamaqdır.

 

Hazırladı: psixoloq Zümrüd Əkbərova