İnsan istənilən biznesin əsas resursudur. Bu resursu maksimum istifadə etmək, kollektivdə, komandasındakı hər bir şəxsə individual yanaşmaq hər bir idarəçinin əsas tapşırığı olmalıdır. Bu gün bir çox qurumlar, şirkətlər və idman klubları öz kollektiv və komanda üzvləri arasındakı xoş psixoemosional mühiti təmin etmək üçün beynəlxalq arenada “teambuilding” kimi tanınan “komanda quruculuğu” təlimlərinə müraciət edirlər.
“Komanda quruculuğu” təlimləri əməkdaşların güclü və zəif tərəflərini aşkar edə, kollektivdə liderin kim olduğunu müəyyənləşdirə, yaşından asılı olmayaraq, işçilər arasında dostcanlı mühütün yaranmasını təmin edə, bacarıqların inkişafı, çətin və standart olmayan tapşırıqların effektiv həllinə şərait yarada bilər.
“Komanda quruculuğu” təlimində iştirak edən əməkdaşlar komandanın bir parçası olduqlarını hiss edir və nəticənin onlardan da asılılığının fərqinə varırlar və beləcə komanda ruhu formalaşır. Komanda ruhu olan istənilən mühitdə görülən iş isə keyfiyyətli nəticələr ortaya çıxarır.