Bir çoxumuz çətin vəziyyətdə olan və özünü pis hiss edən insanlara tövsiyə edirik ki: “hadisəyə yaxşı tərəfindən bax, fikrini yalnız müsbətə yönəlt, onda hər şey yaxşı olacaq”. Bəzən nə qədər çalışsaq da, bunu etmək çətin olur və ya alınmır.

Bəzi mədəniyyətlərdə pozitivə meyillik var. İnsanlar bir-birilərini görəndə, “necəsən” deyə soruşur və cavabında “əla”, “super”, “gününüz yaxşı keçsin” kimi cavablar alırlar. Hətta mahnı sözlərində belə pozitiv meyillilik olduğunu görmək mümkündür. Psixoloqlar Tod Kaşdan və Robert Bisvas-Dinerin araşdırmaları nəticəsində nəşr edilmiş məqalədə yazılır ki, daim pozitiv əhvalda olmağa çalışmaq insanları sadəlövh edə bilir. Məqalədə eyni zamanda göstərilir ki, pis əhval-ruhiyədə olan insanlar nöqsan aşkar etməkdə yaxşı əhvalda olan insanlardan daha dəqiqdirlər.

Mənfi hisslər xoşagəlməz olsa da, bəzən faydalı olur.

Əksər psixoloqlar qəti şəkildə iddia edir ki, bəzi mənfi emosiya və hisslər insanları zərərlərdən qoruyur, uğur qazanmasına kömək edir və həyati bacarıqlarını inkişaf etdirir. Psixoloqların çoxu inanır ki, zahirən mənfi görünən emosiyaların çoxu faydalı fəaliyyətlərə xidmət edə bilər. Onlardan bəziləri:

Həyəcan
Həyəcan bəlkə də təhlükəsizliyimiz üçün ən çox məsuliyyət daşıyan emosiyadır. Kaşdan və Bisvas –Diner “Qaranlıqdakı aydınlıq” (“The upside of your dark side”) kitabında deyir: “qədim əcdadlarımız məhz bu hiss sayəsində sağ qaldılar”. Ola bilər ki, imtahana hazırlaşmaq sizi həyəcanlandırır,  halbuki,  eyni emosiya sizin imtahana daha yaxşı hazırlaşmanızı təmin edir. Səhnəyə çıxan hər kəs bilir ki, həyəcan fərqindəliyi artıra və səhnə performansı asanlaşdıra bilir. Yerkes-Dodson qanununda da deyildiyi kimi, avtonom oyanış artdıqca, mərkəzlənmə, əvvəlki məlumatları xatırlama və performans da artır. Amma, unutmayaq ki, həyəcan ideal səviyyədən artıq olduqda əksinə performansı azaldır. Həyəcanı əlverişli səviyyədə saxlamaq önəmlidir.

Günahkarlıq
Adətən insanlar özlərini günahkar hiss etmə halına nifrət edir- kiməsə zərər verdiyini düşündüyü zaman mədəsi bulanır, başı ağrıyır və s. Məhz bu xoşagəlməz halın qarşısını almaq istəyi günahkarlıq hissinin daha faydalı olmasını təmin edir. Tədqiqat nəticələrinə görə, günahkarlıq hiss etməyə meyilli olan insanların içkili halda avtomobil idarə etmə, oğurluq etmə və başqalarına zərər vermə ehtimalı azdır. Digər araşdırmalar nəticəsində cəzaçəkmə müəssisəsində olan və günahkarlıqlarını ifadə edən şəxslərin azad edildikdən sonra 1 il ərzində yenidən cinayət törətmə ehtimallarının çox aşağı olduğu müəyyən edilmişdir. Təbii hər emosiyamız kimi, günahkarlığın da sərhəddi vardır. Bir çox insan hər hansısa pislik etmədiyi halda daim günahkarlıq hiss edir. Bu günahkarlıq forması həmin insanın utanmasına səbəb olur və özdəyərinə təsir edir. Təbii ki, günahkarlığın bu növü faydalı deyil. Ancaq idarə edilə biləcək miqdarda günahkarlıq problemlərdən uzaq durmağa və münasibətləri düzəltməyə kömək edir.

Qəzəb
Kaşdan və Bisvas-Diner deyir: “Qəzəbin özü nə yaxşıdır, nə də pis, önəmli olan onunla nə etdiyimizdir”. Qəzəb bəzən insanları ətrafındakılara şiddət göstərməyə və onları incitməyə vadar edə bilər. Və eyni qəzəbi daha yaxşı istifadə edərək, mövqeyinizin müdafiəsi üçün dinc və inandırıcı şəkildə mübahisə edə bilərsiniz. Bir eksperimentdə könüllü iştirakçılara mobil telefonları mümkün qədər yüksək qiymətə alıcalara satmaları tapşırığı verilir və satış qiyməti nə qədər yüksək olarsa o qədər yüksək mükafat alacaqları deyilir. Nəticələr təəccüblü olur: qəzəbli bir alıcı ilə danışdıqlarını düşünən satıcı rolunda olan iştirakçılar həmin alıcılara mobil telefonları 30% -dən çox endirimlə təklif edirlər. Yəni qəzəbli alıcı telefonları daha ucuz qiymətə ala bilir. Əlbəttə qəzəbli hiss etməklə, aqressiv davranmaq arasında fərq var. Zorakı davranış bütün hallarda qəbul edilməzdir. Tədqiqatlardan da göründüyü kimi, nəzakətli şəkildə ortaya qoyulan qəzəb dinc və inamlı mübarizə aparmağa və faydalı nəticə əldə etməyə kömək edir.

Uğurlu bir həyatın sirri heç də hər zaman qəzəbli, həyəcanlı və günahkar olmaqda deyil. Kaşdan və Bisvas-Diner iddia edir ki, sağlam həyat yaşayan bir insanın zamanının 80%-ni xoşagələn, 20%-ni xoşagəlməz hisslər təşkil edir. Aydın məsələdir ki, əksəriyyətimiz, zamanın 100% -ni xoşbəxt, mənalı və məmnun hiss etməyi üstün tutardıq. Ancaq, mənfi duyğular qaçınılmazdır. Onları itələməklə mənfi hisslərin öyrədə biləcəklərindən özümüzü məhrum edirik.

Yaxşı bir həyat yaşamaq üçün yalnız yaxşı emosiyalarla, xoş olanlarla deyil, bütün duyğularımızla necə davranmağı öyrənməliyik. Və bəzən özümüzü pis hiss etməyin faydalı olduğunu bilmək əhəmiyyətlidir.

 

 

Məqalə müəllifi: Ph.D David B. Feldman

Hazırladı: psixoloq Zümrüd Əkbərova